Daha ətraflı
Əziz sayt izləyicisi, ilk olaraq rəsmi səhifəmə xoş gəlmisən!
Mən, Tahir Şixəliyev Bakı şəhərində anadan olmuşam. Çoxlu səyahət etsəm də, məni incəsənətə və rəsmə bağlayan ilk və əvəzolunmaz məkan - doğma Azərbaycanım və sevimli Bakımdır.
Erkən yaşlarımdan incəsənətə, ələxsus da rəsmə böyük bir marağım var idi. Hətta valideynlərim 4-5 yaşlarımda yaratdığım müəyyən rəsmləri də saxlamış və mən böyüyəndə mənə təqdim etmişdilər.
Bir çox şəxslər “Bəs rəssam olaraq, sizi yenilikləri yaratmağa nə ilhamlandırır?” sualını verirlər.
Mənim fikrimcə, ilhamlanmaq üçün həyatımızda böyük dəyişiklik və hadisələrlə yanaşı, kiçik, amma çox mühim hadisələr də ola bilər. Vacib olan odur ki, hər zaman yeniliklərə açıq olaq və özümüzü inkişaf etdirməkdən çəkinməyək. Ən vacibi isə, gördüyümüz işdən zövq alaq!
Rəssamlıq üzrə ilk təhsilimi Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində almışam, daha sonra Tbilisi Dövlət Rəssamlıq Akademiyasına qəbul olub təhsilimi davam etdirmiş və bu ecazkar şəhərə köçərək yaradıcılıq həyatımın müəyyən hissəsini burada keçirmişəm.
İstiqamətim rəngkarlıq və qrafikadır. Rəssamlar İttifaqının üzvüyəm, əsərlərim Rusiya, Gürcüstan, Belarus, Türkiyə, Almaniya, ABŞ və Rumıniya kimi ölkələrin şəxsi kolleksiyalarında saxlanılır.
Diqqətiniz üçün təşəkkürümü bildirirəm!