İyunun 20-də azərbaycanlı rəssam, Rəssamlar İttifaqının üzvü Tahir Şıxəliyevin rəsmlərindən ibarət sərgi baş tutub.
Bizim.Media xəbər verir ki, baş tutan sərgidə rəssamın 26 əsəri nümayiş olunub.
Sərgi sərbəst formatda hazırlanıb.
Sərgi ilə bağlı fikirlərini bölüşən Tahir Şıxəliyevin sözlərinə görə, nümayiş olunan əsərlər əsasən milli və təbiət mövzusunda çəkilib:
“Mən həm boyakarlıq, həm də qrafika üzrə işləyirəm. Bu gün 26 əsərdən ibarət sərgi təşkil edildi. Əsasən, Azərbaycan, Bakı mövzusunda mənzərələr və təbiət mövzulu əsərlər sərgidə üstünlük təşkil edir. Əsərlərimin bəzilərində insan amili böyük rol oynayır. Əsərlərimin bəzilərini son 1 həftə ərzində tamamlasam da, bəzilərinə böyük vaxt sərf etmişəm”.
Tahir Şıxəliyev sərgidə nümayiş etdirilən əsərlərindən birinin yaranma tarixçəsini də bölüşüb:
“Bu əsərimdə sujet xəttinin əsasını şəhərdən gəlini qaçıran qız və oğlan təşkil edir. Burda ay və Günəşin qovuşduğu anın təsvirini vermişəm. Ay və günəşin bu şəkildə təsvirini isə mən 1997 -ci ildə Türkiyədə görmüşəm. Həmin vaxt səhər tezdən gördüyüm mənzərəni rəsmdə təsvir etmişəm”.
Qeyd edək ki, Tahir Şıxəliyev rəssamlıq üzrə ilk təhsilini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində alıb, daha sonra isə Tbilisi Dövlət Rəssamlıq Akademiyasına qəbul olaraq təhsilini Gürcüstanda davam etdirib.
Rəssamın yaradıcılığında rəngkarlıq və qrafika ön plandadır. T. Şıxəliyev Rəssamlar İttifaqının üzvüdür. Onun əsərləri Türkiyə, ABŞ, Almaniya, Rusiya, Gürcüstan, Belarus və Rumıniya kimi ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.